Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Bahalaşma Statistika Komitəsinin dediyi qədərdir, yoxsa...?
2019-06-17 16:07:31

Azərbaycanda 2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz bahalaşıb. Azadlıq Radiosu yazır ki, bu barədə Dövlət Statistika Komitəsinin son açıqlamalarında yazılıb.

Komitə ərzaq məhsullarının 2,3, qeyri-ərzaq mallarının 1,3 , əhaliyə göstərilən ödənişli xidmətlərin isə 3,4 faiz bahalaşdığını bildirir.

İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli təəssüflənir ki, Dövlət Statistika Komitəsinin yalnız inflyasiya deyil, digər sahələrlə bağlı açıqladığı rəqəmlər də vətəndaşlarda şübhə doğurur.

Nazim Bəydəmirli gündəlik tələbat mallarının monitorinqini apardığını və sosial şəbəkələrdə bu barədə rəyləri oxuduğunu xatırladaraq bildirib ki, hazırda qiymət artımı, inflyasiya çox yüksəkdir:

“Mövcud qiymət artımı heç də real iqtisadiyyatla bağlı deyil. Əsas səbəb idxal inflyasiyasıdır, yəni Azərbaycan idxaldan asılı ölkələr siyahısındadır. Bəzi mallarda 70-80 faiz, bəzilərində daha çox idxaldan asılıyıq. Ona görə real inflyasiya komitənin etiraf etdiyi rəqəmlərdən 3-4 dəfə çox olmalıdır. Müxtəlif ölkələri, məsələn, Rusiyanı götürdükdə ekspertlər qeyd edirlər ki, hökumətin açıqladığı inflyasiya rəqəmləri ilə real inflyasiya arasında 3-4 dəfə fərq var. Bu kontekstdən çıxış etdikdə görürük ki, əksər hallarda müxtəlif rəqəmləri cəlbedici göstərməklə müxtəlif qurumların işini cəmiyyətə “yaxşı” təqdim etməyə meyllidirlər. Bu mənada komitənin rəqəmlərini şübhə altına alıram”.

Nazim Bəydəmirlinin sözlərinə görə, DSK istehlak səbətindəki mal və xidmətlərin çox çeşidli olmağından istifadə edib orta rəqəm çıxardır:

“Amma vətəndaşlar müxtəlif, məhdud sayda mal və xidmətlərdən yararlandıqlarına görə fərq daha çox nəzərə çarpır. Bu baxımdan gündəlik tələbat mallarında inflyasiya daha yüksəkdir. Məsələn, bu ilin başlanğıcı DSK və bir neçə dövlət qurumu belə bir informasiya paylaşmışdı: İstehlak zənbilinə daxil olan məhsulların 23 faizə yaxını ucuzlaşıb, 7 faizinin qiyməti dəyişməz qalıb, 62 faizi isə bahalaşsa da, bu artım bir neçə faizi keçməyib. Bu məlumatı oxuyan adam fikirləşir ki, əcaba hətta mal və xidmətlərin mütləq əksəriyyəti (62 faiz) bahalaşıbsa inflyasiya niyə iki faiz olub? Əksər hallarda manatın məzənnəsinin dayanıqlığı inflyasiyanın azalmasında əsas rol oynayan amillərdən biri biri kimi qeyd olunur”.

“Xüsusən də kənd təsərrüfatı məhsullarının qiymətində artımlar oldu”

İqtisadçı Vüqar Bayramov isə hesab edir ki, DSK-nın istifadə etdiyi metodologiya beynəlxalq standartlara uyğun olsa da, həmişə açıqlamaları müzakirə predmeti olub:

“Bizim apardığımız təhqiqatlar və təhlillər göstərir ki, komitənin qiymətlərin toplanması ilə bağlı uyğun yerlərin seçilməsində problemlər var. Bir çox hallarda komitə daha ucuz mal və məhsul təklif edən yarmakalardan informasiyalar yığır. Bu da nəticə etibarı ilə qiymətlərə təsir göstərir. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, ötən müddətdə 2.4 faiz deyil, daha çox inflyasiya qeydə alınıb. Çünki aparılan müşahidələr göstərir ki, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artımlar var. Xüsusən də əvvəlki aylarda kənd təsərrüfatı məhsullarının qiymətində artımlar oldu. Nəticə etibarı ilə istehlak səbətində ərzaq və daha çox istifadə olunan kənd təsərrüfatı məhsullarının payını nəzərə alsaq, daha yüksək inflyasiya dərəcəsi ortaya çıxır. Amma DSK-nın əldə etdiyi inflyasiya dərəcəsi apardığımız monitorinqlərdən və daxil olan qiymətlərdən aşağıdır”.

Amma Vüqar Bayramov DSK-nın məlumatlarını yaymasını vacib sayır:

“Çünki bu digər xərclərin göstərilməsi baxımından lazımdır. Üstəlik, birbaşa əhalinin gəlirlərinin real və nominal olmasını müəyyənləşdirməsi üçün də vacibdir. Güman edirəm ki, növbəti aylarda DSK tərəfindən daha real və istehlak bazarındakı mövcud qiymətlərə uyğun qiymət dəyişikliklərinin elan edilməsinə ehtiyac var ”.

Ən çox oxunan